1 2 3 4 5 6 7 8 9 10 ... 14

III FƏSİL XVI ƏSRİN I YARISINDA AZƏRBAYCANIN QƏRBİ AVROPA ÖLKƏLƏRİ İLƏ TİCARƏT ƏLAQƏLƏRİ VƏ OSMANLI İMPERİYASI

səhifə7/14
tarix17.10.2017
ölçüsü2.89 Mb.

III FƏSİL


XVI ƏSRİN I YARISINDA AZƏRBAYCANIN QƏRBİ AVROPA ÖLKƏLƏRİ İLƏ TİCARƏT ƏLAQƏLƏRİ VƏ OSMANLI İMPERİYASI


3.1 «Böyük coğrafi kəşflər» və onun dünya ticarət sisteminə təsiri


XVI əsrdə beynəlxalq ticarətdə böyük dəyişikliklər baş verdi. Xristofor Kolumbun Amerikanı «kəşf» etməsindən (1492) və Vasko da Qamanın Ümid Burnuna gedib çatmasından (1498) sonra müstəmləkəçilik dövrü başlandı. Bu dövr isə sonrakı dörd əsr boyunca şərq ölkələrinə Qərbi Avropa siyasi hakimiyyətinin tədricən artan təsiri ilə səciyyəvidir. Avropalılar Hindistana yeni dəniz yolunu özləri üçün kəşf etdilər. Qərbi Avropanın ədviyyat bazarına birbaşa çıxışı təmin edildi (236, 126; 311, c.5, 63). Odlu silahlarla möhkəmləndirilmiş Portuqaliya dəniz donanması qısa zamanda Hind okeanı vasitəsilə ticarəti öz nəzarəti altına aldı. Həmin dövrdə bu hövzədə onların qarşılarına çıxacaq ciddi bir dəniz dövləti yox idi. Beləliklə, ümumdünya miqyasında Avropa dövlətlərinin ekspansiyasının əsası qoyuldu. XV əsrin sonu-XVI əsrin əvvəllərində Hindistan Portuqaliyanın müstəmləkəçiliyinin başlıca obyektinə çevrildi (66, 146; 189, c.5, 131; 161, 49). Kompasın tətbiqi bu dövrdə dünyada ən mühüm hadisələrdən biri oldu. Kompas italyanlara Şərqin hesabına XII əsrin sonlarından məlum idi. 1300-cü ildən sonra isə kompasdan istifadə geniş vüsət aldı (275, 112). Kompasın tətbiq edilməsi nəticəsində avropalılar tərəfindən Hindistana dəniz yolunun açılması ilə bərabər Xristofor Kolumb tərəfindən Antil adalarının, bunun ardınca Amerika materikinin «kəşf» edilməsi, ingilis iqtisadçısı Adam Smit tərəfindən bütün yeni tarixin ən mühüm amilləri sayılır. Bu amillərin təsiri altında ticarətin xarakterində əsaslı dəyişikliklər baş verdi: ticarət artıq Aralıq dənizinin, Şimal dənizinin və Baltik dənizinin məhdud hüdudlarından çıxdı, okean səciyyəsi aldı, Atlantik okeanının və Hind okeanının qovuşduğu ərazidə cəmləşdi. Orta əsrlərin məşhur tacirləri sayılan hanzalılar (alman liman şəhərlərinin ittifaqına daxil olanlar), italyanlar bu ticarətdə hakim mövqeyə malik ola bilməzdilər. Atlantik okeanına yaxın olan ərazilərdə yaşayan xalqlar həmin ticarətə yiyələndilər, onun sahibinə çevrildilər. Portuqallar, ispanlar, hollandlar, ingilislər, fransızlar bu xalqlar sırasında idilər. Onlar 300 il ərzində beynəlxalq ticarətə nəzarət etmək uğrunda çəkişdilər (236, 126). Okean ticarətinin inkişafı yeni müstəmləkəçilyin yayılmasına təkan verdi. Yeni müstəmləkəçilik XVI əsrdən başlandı, dünya bazarının təşəkkülünə səbəb oldu. Dünya ticarətinin inkişafı, Avropa sərmayəsinin təsərrüfat ucqarlarında genişlənməsi üçün şərait yarandı. XVI əsrin sonlarına doğru Yer kürəsinin avropalılara məlum olan hissəsi ekvatordan yuxarı istiqamətdə 6 dəfə artdı (275, 115; 250, 81-82). Müstəmləkəçiliyin müsbət rol oynaması da qeyd olunmalıdır. Bu hadisəyə müsbət və mənfi xüsusiyyətlər məcmusundan yanaşılmalı və etiraf olunmalıdır ki, bu sistem cəmiyyətin tarixi inkişafının müəyyən mərhələsində kapitalizmin obyektiv nəticəsidir (291, 207). Bu baxımdan XVI yüzillik Qərbi Avropada «kapitalizm dövrünün ilk əsri» sayılır (284, 4). Çünki XVI əsr Qərbi Avropa həyatında yeni coğrafi kəşflər və beynəlxalq münasibətlərin təşəkkülü ilə, Avropada, Asiyada, Amerikada böyük ictimai sarsıntılarla səciyyəvi olmuşdur. XVI əsrdə Avropa elmində, texnikasında, gəmiqayırma sənətində və dənizçilikdə xeyli irəliləyişlər baş verdi. XIV əsrdən başlayaraq inkişaf edən xəritəçilik bu əsrdə yeni vüsət aldı. Xəritələr kütləvi şəkildə hazırlanmağa başlandı. Hərbi və sürətli gəmilərlə yelkənli gəmilərin qurulmasında yaxınlaşmalar baş verdi (ensiz və uzun qalerlər). Qalerlər dairəvi şəkil aldı. Yeni okean gəmisi olan karavellalar (birgöyərtəli, hündürbortlu yelkənli gəmilər) meydana çıxdı. Karavellalar dünya tarixində ilk okean gəmiləri oldular (256, 104-105; 275, 112-115). XVI əsrdən inkişaf edən diplomatik əlaqələr yeni istiqamətlərdə davam etməyə başladı. Məhz buna görə də yeni dövrün diplomatiya tarixi XVI əsrin sonlarından başlanır, Birinci Dünya müharibəsinin sonuna-Versal sülhünün (1919) bağlanmasına qədər davam edir. Həmin dövrdən başlayaraq dünya ticarət əlaqələri genişlənməyə başladı. Əmtəə-pul münasibətləri daha da möhkəmləndi. Dünya ticarət yolları, mərkəzləri Aralıq dənizindən və Baltik dənizindən Atlantik okeanına keçir, bu isə italyan və alman ticarətinə dağıdıcı zərbə endirirdi (218, c.1, 167; 221, c.7, 74). 1498-ci ildə Hindistan sahillərində görünmüş Qərbi Avropa gəmilərinin tezliklə Uzaq Şərqə doğru irəliləməsi, onların dənizlərdə Çinə yönələn ticarət yollarını ələ keçirməyə başlaması məhz bu ekspansiyasının nəticəsi idi (226, 132). Beləliklə, beynəlxalq ticarət kapitalizmin üzvi tərkib hissələrindən biri kimi inkişaf etməyə başladı (263, 13). Müstəmləkəçilik dövrünün başlanması ilə XV-XVII əsrlərdə dəniz vasitəsilə yükdaşımalar da sabit səciyyə almağa başladı, bu yükdaşımaların coğrafiyası genişləndi. Bu yükdaşımalar artıq müstəmləkə ticarətinə xidmət edir, ilkin sərmayənin yaranmasında fəal rol oynayır, müstəmləkə sisteminin təşəkkülü prosesinə təkan verirdi (263, 48). Qərbi Avropa ölkələrinin iqtisadi tarixinə baxış beynəlxalq ticarətə nəzarət mərhələlərinin də dövrləşdirməsinə də imkan verir: XVI-XVIII əsrlərin ticarət tarixi mərhələsində öncə hökmran mövqelər portuqallara və ispanlara məxsus idi (təxminən 1600-cı ilə qədər), sonra isə liderliyi hollandlar və ingilislər ələ keçirdilər (XVII-XVIII əsrlər). Holland-ingilis rəqabətində İngiltərə qalib gəldi və XVIII əsrin sonunda «birinci Dünya ticarət imperiyası» adını aldı. XVI əsrdə isə Afrikanın qərb və Hindistanın Malabar, Kambay və Koromandel sahillərindəki kəşflər Qərbi Avropada ilkin olaraq portuqallara məxsus idi. Onlar Seylon, Malakka, Zond (Sumatra, Yava, Çelebes) və Moluka adalarında (bu adaları «ədviyyat adaları» adlandırırdılar), 1563-cü ildə isə Çində Makao adalarında möhkəmləndilər. "50 il ərzində onlara Maderadan Yaponiyaya qədər, 150 dərəcəlik en dairəsində özlərinin faktoriyalarını yaratmaq müəssər oldu" (236, 128). Bu isə onların Avropa ekspansiyasında liderlik mövqeyini təmin etdi. Avropa portuqal və ispan müstəmələkəçiliyi vasitəsilə dünya iqtisadi sisteminin bir hissəsinə çevrildi. Ədviyyat və ətirli maddələrlə, şəkər və pambıqla ticarət portuqalların əlinə keçdi. XVI əsrdə ədviyyat ticarəti bütünlüklə Portuqaliyanın inhisarında elan olundu. Lissabon beynəlxalq ticarətin mərkəzinə çevrildi. Məhz bu şəhər Hindistan-Avropa əlaqələrinin həyata keçirilməsində vasitəçi rolunu oynamağa başladı. Lissabona daşınan Hindistan məhsulları digər ölkələrə aparılırdı. Portuqallar Hind okeanının yeganə hakimi sayılırdılar. Hind okeanında Ərəb tacirlərinin iştirakı sıradan çıxarıldı, İran-Hindistan ticarəti isə onların istehkamlarından yan keçirdi, heç bir gəmi onların icazəsi olmadan Hind okeanında üzə bilməzdi, əks halda həmin gəmilərə «quldur gəmiləri» kimi baxılırdı. Bağlanan bütün müqavilələrdə ticarət yalnız portuqallara məxsus olan sahə kimi qeyd edilirdi (236, 128; 208, 369, 427; 189, c.5, 133). Portuqalların Hindistanda görünmələri və Hind okeanı hövzəsinə nəzarət etmələri Avropada, Yaxın və Orta Şərqdə qüvvələr müvazinətini pozdu. Sahib olduğunu qorumağa və Hindistan ticarətində yeganə hökmran rolunu saxlamağa çalışan Portuqaliya üçün bu ticarətdə öz rəqiblərinin - Misirin (1517-ci ildən sonra Osmanlı imperiyasının) və Qırmızı dəniz vasitəsilə Hindistan məhsulları üzərində inhisar mövqeyini tutan Venesiyanın ticarət fəaliyyətini blokadaya almaq vacib idi. 1520-ci ildən başlayaraq məhz bu plan əsasında Portuqaliya ilə Efiopiya (Həbəşistan) arasında əlaqələr yarandı. Afrikanın bu dövləti ilə əlaqələr quran Portuqaliya onun üzərində öz siyasi və ideoloji hökmranlığını bərqərar etməyə cəhd edir, Efiopiyanın müsəlmanlar tərəfindən fəthinə mane olmaq istəyirdi. Hindistan ticarətindən əldə olunan gəlirin və bu ticarətdə inhisar mövqeyinin əhəmiyyətini dərindən dərk edən portuqallar çalışırdılar ki, hazırladıqları xəritələr gizli qalsın və sahib olduqları Afrika əraziləri barədə məlumatlar Avropada yayılmasın. Dənizçilərə onların səyahətləri və kəşfləri barədə susmaq əmri verilmişdi. Bu barədə təsvirlər salnamələrdən pozulmuş və xəritələr çıxarılmışdı. Xəritələrin hazırlanması məsələsi Portuqaliya kralının səlahiyyətində olduğu elan edilmişdi (312, 138-139). Beləliklə, XVI əsrin ortalarına doğru portuqallar Hind okeanını qövsvari əhatə edən və bir-birindən uzaq məsafələrdə yerləşən hərbi-dəniz bazaları sisteminə istinadlanan böyük müstəmləkə imperiyasını yaratdılar. Portuqaliya müstəmləkəçiliyində xüsusi xidmətləri olmuş D.Albukerki hakimiyyətin illik gərinin bir milyon kruzado olduğunu göstərirdi. XVI əsrdə Portuqaliya müstəmləkəçiliyinin ən yüksək həddə çatmasını tədqiqatçılar bir neçə səbəblə izah edirlər. Əvvəla, bu dövrdə Portuqaliya əlverişli coğrafi məkanda yerləşirdi, sərfəli beynəlxalq siyasi şəraitlə üzləşmişdi. Portuqaliya bu əlverişli şəraitdən istifadə etməklə Atlantik okeanının sahillərində, Aralıq dənizinin ticarət yollarında, Şimali Afrikada və Levantda, Qərbi və Şimal-Qərbi Avropada möhkəmlənmişdi. İkincisi, Portuqaliya həmin dövrdə Avropanı bürümüş daxili çəkişmələrdən kənarda idi. Bu isə ona digər Avropa dövlətlərindən fərqli olaraq öz gücünü dəniz ekspansiyalarına döğru yönəltməyə imkan verirdi. Portuqaliyanın qələbələrini şərtləndirən səbəblərdən biri də Asiya və Afrikanın iri dövlətlərinin daxili müharibələrdə və münaqirşələrdə çəkişməsi oldu. Həmin dövlətlər ağır siyasi vəziyyətdə idilər. Buna görə də onlar müstəmləkəçilərə qarşı birgə müharibə apara bilmədilər. Tədqiqatçıların fikrincə, Portuqaliyanın qələbələrini sürətləndirən mühüm amillərdən biri də Asiya, Afrika və Cənubi Amerika xalqlarının, dövlətlərinin daxilən möhkəm birliyə malik olmaması idi. Bu isə portuqallara üç materikdə tezliklə möhkəmlənməyə şərait yaradan əsas səbəblərdən idi. Yaranmış əlverişli şəraitdən bəhrələnən portuqallar tayfalar, irqlər, dinlər arasındakı fərqlərdən, çəkişmələrdən məharətlə istifadə edir, onları bir-birinə qarşı qoyur və onların üzərində öz nəzarətlərini qururdular (312, 143-144). O da məlumdur ki, Hindistana ilkin ekspedisiyalarda portuqallarla birlikdə italyan və alman tacirləri də iştirak edirdisə, bir müddətdən sonra onlar bu yarımadadan, ticarət əməliyyatlarından uzaqlaşdırıldılar. Daha sonralar isə öncə bütün portuqalların üzünə açıq olan ticarət tədricən Portuqaliya kralının əlində cəmləşməyə başladı, yəni inhisara alındı (istiot ticarətinin artıq birbaşa kralın inhisarında olduğu elan edilmişdi). Lakin "Portuqaliyanın dəniz işğalları" uzun çəkmədi. Çünki Portuqaliya Avropa dövlətləri içərisində müstəmləkəçilik fəaliyyətinə lazımi səviyyədə hazırlıqlı deyildi. Tədqiqatçılar Portuqaliyanın fəaliyyətini «dəniz quldurlarının yüksək sürət götürməsi» ilə müqayisə edirlər. Portuqallarla bağlı hindlilər belə deyirdilər: "Tanrının insanlara rəhmi gəlib ki, portuqallar pələnglər və şirlər kimi az olublar, əks halda onlar bütün insan nəsillərini məhv edərdilər" (236, 128). XVI əsrdə «coğrafi kəşflər» adı altında baş verən yeni hadisələr Avropaya qiymətli metalların axınını təmin etmiş, Qərb dövlətləri arasında Yeni Dünya sistemində nüfuz qazanmaq uğrunda mübarizə başlanmışdı. Bu zamana qədər isə Hindistan məhsulları ərəb gəmiləri ilə Qırmızı dənizə, Bəsrə körfəzi vasitəsi ilə Suriya limanlarına və ya İsgəndəriyyəyə gətirilir, buradan Venesiya gəmiləri ilə Avropaya daşınırdı (41, 457, 461). Hindistandan daşınan ədviyyat məhsullarına nəzarət edən portuqallar Bəsrə körfəzinə də yiyələnmək üçün bir sıra tədbirlərə əl atdılar. Cahit Doğan bu hadisəyə əsaslanaraq müqayisəli təhlil aparmışdır. Həmin tədqiqatçı qeyd edir ki, Hindistandan əldə edilən ədviyyat, civit, xam ipək və s. məhsullar Hələb yolu ilə daşındığı təqdirdə 1.465.000 filori ödəmək lazım olduğu halda, bu əmtəələr Ümid Burnu yolu ilə nəql edilərkən həmin məbləğ 511 min filori olurdu. Qalan 954 min filorilik fərq isə imperiyanın (Osmanlı-D.Ə.) gömrük və vergi qiymətləri olmuşdur. Onu da nəzərdən qaçırmaq olmaz ki, bu qiymətlər bir və ya bir neçə gəminin bir səfərinə aiddir. Buna görə də portuqalların Uzaq Şərq ticarətini inhisara almaqla Hindistan məhsullarını bu yolla Avropaya daşımaları qısa zamanda Aralıq dənizi ticarətinin böhrana sürüklənməsinə səbəb olmuşdu. Böhranın təsir qüdrətini sübut etmək üçün bir faktı göstərmək kifayətdir: 1504-cü ildə İsgəndəriyyəyə və Beyruta gedən Venesiya gəmiləri ədviyyat ala bilməmişdilər. Hind okeanında Portuqaliya hakimiyyəti tədricən artmış və bu artıma görə də Anadolu və Suriya vasitəsilə aparılan Aralıq dənizi ticarəti də əhəmiyyətini itirməyə, Osmanlı imperiyasının gəlirləri isə azalmağa başlamışdı (66, 146-147). Bəzi tədqiqatçıların fikrincə, Yavuz Sultan Səlimin Misirə və Azərbaycana hərbi yürüşlərini zəruriləşdirən səbəblər bunlar idi. Misiri fəth etməklə Şərqi Afrika sahillərini öz əlində saxlamaq istəyən Sultan Səlim Səfəvi dövlətinin ərazilərinə sahib olmiaqla Hörmüzə və Bəsrəyə yiyələnmək və bununla da portuqalların Hind okeanında ağalığına son qoymaq istəyirdi. Portuqallar da Misirə yiyələnməklə bu ərazilərdə gedən ticarəti bütünlüklə öz əllərində saxlamağa çalışırdılar. Aralıq dənizində mübarizə aparan osmanlılar okean ticarət yolunun əhəmiyyətini yaxşı anlayırdılar. Buna görə də hələ II Bəyazid Portuqaliyanın Qırmızı dənizdə və Hind okeanında hakimiyyətini sarsıtmaq üçün mübarizə edən Misir Məmlük sultanı Qansunu dəstəkləmiş, Süveyşdə osmanlı ustalarının nəzarəti ilə otuz qaler düzəldilməsi üçün lazımi materiallarla birgə 300 dəmir top, 150 dirək, 3000 kürək, zəruri miqdarda yelkən və s. ilə bərabər səkkiz gəmi yollamışdı. Bu ləvazimatların aparılmasına və gəmilərin hazırlanmasına Kamal Rəis rəhbər təyin edilmişdi (41, 458-459). 1509-cu ildə Qansu Quri (1500-1516) Qırmızı dənizdə portuqallarla döyüşmək üçün lazımi donanma materiallarını və odlu silahı Osmanlı imperiyasından istəmişdi. Osmanlı imperiyası da 1511-ci ildə 400 top, 300 tüfəng, 30000 ox, 40000 kantar barıt və bir qədər də mis göndərməklə Misir məmlüklərini portuqallara qarşı mübarizədə dəstəkləmişdi. Bu yardımlarla birgə gəmi həzırlamaq üçün əsgərlər də göndərilmişdi (46, 795-798). Misirin Osmanlı sultanı tərəfindən fəthinin Osmanlı-Portuqaliya münasibətlərinə təsirini göstərmək üçün oraya göndərilmiş Salman Rəisin raportlarına diqqət yetirmək kifayətdir. Salman Rəis Misirin fəthindən sonra - 1525-ci ildə yazdığı raportda sultanın diqqətini Qırmızı dənizə və Hind okeanına çıxışın, bu dənizlərdə portuqallarla rəqabətə girməyin, ticarət yollarında bəhrələnməyin faydalarına yönəltmiş və bu məqsədlərə nail olmaq üçün güclü bir donanma qurulmasının vacibliyini qeyd etmişdi (41, 458-459).

3.2. XVI əsrin I yarısında Azərbaycan Səfəvilər imperiyasının Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və bu əlaqələrin Səfəvi–Osmanlı, Səfəvi-Avropa münasibətlərinə təsiri.


XVI əsrin əvvəllərində Portuqaliyanın okean ticarətini inhisara almaq cəhdləri Osmanlı imperiyasının ticari maraqlarına zərbə endirdi, onun ticarət hökmranlığında ciddi təhlükəyə çevrildi. Digər tərəfdən, Portuqaliyanın Hörmüzdə möhkəmlənmək istəyi XVI əsrin əvvəllərində Asiyada Ağqoyunlu imperiyasını əvəzləmiş qüdrətli Azərbaycan Səfəvilər imperiyasının (1501-1736) maraqları ilə toqquşurdu. Məlumdur ki, portuqaliyalılar Hörmüzdə görünərkən həmin məntəqə Azərbaycan Səfəvilər imperiyasından vassal asılılığında idi (179, 31). Bu asılılıqdan qurtulmağa çalışan Hörmüz şeyxi ilkin mərhələdə portuqallarla danışıqlara başladı. Danışıqlar yolu ilə bu məntəqəyə sahib olmaq istəyən azsaylı portuqallar Hörmüzün əzəmətli qoşunları qarşısında fövqəladə bir qorxu və həyəcan hissi keçirirdilər. Lakin aparılan danışıqlar bir nəticə vermədi və tərəflər arasında qanlı bir döyüş başlandı. Nəticədə Hörmüzü müdafiə edənlərin çoxu öldürüldü və bu məntəqə portuqaliyalılara təslim edildi (1507-ci ilin oktyabrında). Hörmüz qoşunları və dəniz təchizatı Albukerkinin qüvvələrindən üstün idi, lakin Hörmüz adasının portuqaliyalılar tərəfindən tutulması onların toplara və odlu silahlara malik olması sayəsində mümkün olmuşdu. Tərəflər arasında bağlanmış müqavilə portuqallara Hörmüzdə geniş fəaliyyət imkanları yaratdı. Həmin müqaviləyə görə, Hörmüz şeyxi Portuqaliya kralına xərac verməli və ona tabe olmalı idi. Hörmüz şeyxi Portuqaliya kralına 5 min əşrəfi məbləğində müharibə cəriməsi (kontribusiya) və həmçinin hər il 15 min əşrəfi məbləğində xərac verməyi öhdəsinə götürürdü. Hörmüzə gətirilən Portuqaliya məhsulları vergilərdən və gömrük rüsumlarından azad olunurdular. Hörmüz gəmiləri Portuqaliya tərəfinin icazəsi olmadan ticarət edə bilməzdilər. Hörmüz şeyxi Portuqaliya əmirlərının yaşayışı üçün xüsusi yer ayırmalı idi. Hörmüzdə portuqaliyalılar tərəfindən alınan məhsulların vergisi və dəyəri Hörmüz əhalisi və təbəələri üçün də eynilə, müəyyən edilmiş miqdarda olmalı idi. Hörmüzdən başqa yerlərə göndərilən əmtəələrdən də vergi alınmalı idi. Bunun müqabilində Portuqaliya kralı məntəqənin idarəçilik məsələsində Hörmüz şeyxinin şərtlərini qəbul etdi, Hörmüzün müdafiə işlərində ona yardım etməyi öhdəsinə götürdü. Hörmüz sularında gəmiçilik azad hesab edilirdi (40, 230-231; 304, 35; 367, 110-128). Hörmüzün beynəlxalq ticarətdə tutduğu mövqeyi nəzərə alsaq, portuqalların əldə etdikləri nəticə həddən artıq uğurlu idi. Hörmüz boğazı İran körfəzində mühüm strateji mövqeyə malik olan ərazi idi. Adətən Hörmüz haqqında danışarkən deyirdilər ki, burada "yeddi iqlimdən gələn tacirlər" vardır (304, 29-32). Hörmüzün sərvəti barədə vaxtilə venesiyalı Marko Polo (XIII əsr) (227, 211) və Tver taciri Afanasi Nikitin də bəhs etmişlər (255, 55, 63-64). Hörmüz barədə portuqallar belə deyirdilər: "Əgər Dünya bir üzük olsaydı, Hörmüz onun almazı ola bilərdi" (304, 32). Hindistan və Çin ticarətini Avropa ilə əlaqələndirən Hörmüzün əhəmiyyəti o dərəcədə böyük idi ki, avropalılar bu ticarətdə vasitəçilik uğrunda daim mübarizə aparırdılar. Hələ 1306-cı ildə genuyalılar Hörmüzdə gəmilər hazırlamağa cəhd etmişdilər (304, 32). Beləliklə, mühüm bir ticarət mərkəzi portuqalların əlinə keçdi. Hörmüz portuqallırın Hindistana yönələn okean yolunda başlıca məntəqə rolunu oynamalı idi. Bu məntəqəyə sahib olmuş portuqallar Hindistan və səfəvilər arasında gedən bütün okean ticarətini ələ keçirmək və səfəviləri bu ticarətdə bütünlüklə özlərindən asılı hala salmaq istəyirdlər. Həmin ticarət öz həcminə görə çox böyük idi. O, səfəvilərə hədsiz dərəcədə gəlir gətirirdi. Başlıca əmtəə isə ədviyyat idi. Səfəviləri Hindistan tacirləri ədviyyatla təmin edirdilər. Portuqaliya Hörmüzü ələ keçirdikdən sonra hind tacirlərinin Səfəvi dövləti ərazilərinə gətirdikləri ədviyyatın həcmi kəskin şəkildə azaldı. Həmin ədviyyata sahib olan portuqallar isə bu məhsulu okean yolu ilə Qərbi Avropya daşıyır, baha qiymətə satırdılar. Hörmüzü ələ keçirdikdən sonra Hindistanla səfəvilər arasında gedən okean ticarətini inhisara almış portuqallar səfəvilərə özlərinin ticarət şərtlərini qəbul etdirməyə başladılar. Məhz buna görə də səfəvilərlə portuqallar arasında ciddi ticarət ziddiyyətləri yarandı. Bu isə tez-tez hərbi toqquşmalara gətirib çıxarırdı. Bu cür toqquşmalar zamanı portuqallar səfəvilərin Hörmüzə çıxışını bağlayır, bununla səfəvilərin Hindistanla okean ticarəti kəsilirdi. Bu tədbir nəticəsində Azərbaycan Səfəvi imperiyasına böyük ziyanlar dəyirdi. Beləliklə, Portuqaliya ilə Səfəvi imperiyası arasındakı münasibətlər düşmənçilik səciyyəsi daşıyırdı (321, 117-118).

Avropadan şərqə doğru yeni dəniz yolunun açılması Misirin, Osmanlı imperiyasının və Venesiyanın ticarətinə xeyli təsir etdi, lakin portuqalların dəniz ticarətini, əlaqələrini lazımi səviyyədə idarə edə bilməməsi tezliklə öz nəticələrini verdi (304, 33; 203, 134). Bunun nəticəsində Venesiyanın ədviyyat bazarındakı ticarəti portuqallar tərəfindən qısa müddət ərzində ziyan çəkdi. Ədənin Osmanlı türkləri tərəfindən tutulması isə portuqalların dəniz ticarətinin, əlaqələrinin zəif olduğunun aşkar göstəricisi idi. Bu hal özünü digər sahədə də göstərirdi: Həmin dövrdə beynəlxalq ticarətdə mühüm əmtəə sayılan istiot hər iki yolda (okean yolu ilə və quru yolla, köhnə yolla) eyni qiymətdə idi. 1550-1570-ci illər arasında Avropaya hər iki yoldan təxminən eyni həcmdə istiot və digər ədviyyat məhsulları daxil olurdu. Yalnız Osmanlı imperiyası ilə İspaniya arasında baş vermiş müharibələr zamanı Aralıq dənizində ədviyyat ticarəti dayandırıldı. Lakin XVI əsrin sonlarına doğru bu hövzədə ədviyyat ticarəti yenidən çiçəklənməyə başladı. XVII əsrdə Avropada ədviyyat ticarətini öz inhisarlarına almış hollandlar Venesiyanı bu bazardan tamamilə sıxışdırıb çıxardılar və ədviyyat bazarında Venesiyanın üstünlüyünə son qoydular (203, 134).

Beynəlxalq aləmdə baş verən bu hadisə Azərbaycana da öz təsirini göstərdi. Azərbaycanın beynəlxalq ticarətdə çəkisi yenidən artdı. Konstantinopolun süqutundan sonra Azərbaycanın Avropa ilə zəifləmiş ticarət əlaqələri XVI əsrin əvvəllərində canlanaraq davamlı hal almağa başladı. Şərqə yeni dəniz yolunun açılmasından sonra beynəlxalq aləm iki düşərgəyə bölünmüşdü: Okean ticarəti portuqalların və ispanların əlində cəmləşmişdi, ona görə də Avropanın digər dövlətləri Levant ticarətinə xüsüsu əhəmiyyət verir, Azərbaycanla qarşılıqlı əlaqələr yaradaraq, onun əraziləri vasitəsilə Hindistana çıxmağa çalışırdılar. Həmin dövlətlər üçün iqtisadi maraq ön sırada idi. Çünki kapitalizmin inkişafının ilkin mərhələsində mühüm rol oynayan manufakturalar Azərbaycanda, İranda olan xam ipəyə möhtac idilər. Bu baxımdan XVI əsrin əvvəllərinə dair Azərbaycanın və İranın Avropa həyatına təsirini dəyərləndirməmiş V.V.Bartoldun fikirləri ilə razılaşmayan E.S.Zevakinin elmi nəticəsi təqdirəlayiqdir. Vaxtillə V.V.Bartold yazmışdı: "İran dünya ticarətində yalnız ikinci dərəcəli rol oynaya bilərdi. Çünki karvan ticarəti başlıca yeri tutmurdu. İranla dəniz ticarəti isə avropalılara Hindistanla ticarət əlaqələrini tamamlamaq üçün lazım idi. Bu ticarət isə o qədər də gəlirli deyildi. Avropalılar xüsusilə Şah I Abbasın dövründə İrana özlərinin siyasi məqsədlərini gerçəkləşdirmək üçün diqqət yetirməyə başladılar. Həmin dövrdə bəzi Avropa dövlətləri İrana ən təhlükəli düşmən saydıqları Osmanlı imperiyasına qarşı müttəfiq tapmaq niyyəti ilə yanaşırdılar. İqtisadi maraq bundan sonra gəlirdi ki, onlar ticarətdən istifadə etməklə bundan bəhrələnməyə çalışırdılar"(172, 112). Lakin bu müəllif digər bir kitabında bu cür müddəa irəli sürmüşdür: «Dünya ticarət yolunun istiqamətinin dəyişməsinə baxmayaraq, İranla ticarət bu dövrdə avropalılar üçün müəyyən əhəmiyyət kəsb edirdi. Avropalı tacirlər İrana başlıca olaraq Gilan ipəyi və qiymətli daş-qaş almaq üçün gəlirdilər» (173, 104-105; 206, 129). Göründüyü kimi, bir sıra Avropa dövlətləri üçün iqtisadi maraq daha önəmli idi və həmin dövrdə xarici bazarlarda Gilan ipəyi xüsusi qiymətə malik idi. Bəlli olur ki, V.V.Bartoldun əsərində bu sahədə problem məsələyə geniş aspektdən yanaşılmamasıdır: XV əsrin sonlarından etibarən, beynəlxalq aləmdə baş vermiş dəyişikliklərə uyğun olaraq Azərbaycan bir sıra Avropa dövlətləri üçün həm iqtisadi, həm də siyasi cəhətdən mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan E.S.Zevakinin V.V.Bartoldun «XVII əsrdə Avropa üçün İran və Azərbaycan ticarətinin ikinci dərəcəli olması» haqqındakı müddəalarının Şefer tərəfindən sənədlərlə tədqiq olunmasını göstərməsi maraqlıdır. Əslində, E.S.Zevakin Şeferə istinad etməklə müəyyən məsələlərə aydınlıq gətirməyə çalışır. Şeferin məlumatlarından aydın olur ki, nəzərdən keçirilən dövrdə Fransa, Hollandiya və İngiltərə İranla ticarətə Hindistan ticarətini tamamlamaq vasitəsi kimi yanaşırdılar. Bununla bağlı E.S.Zevakin qeyd edir ki, V.V.Bartoldun "XVI-XVII əsrlərdə İran-Avropa əlaqələrində başlıca məqsəd Osmanlı imperiyasına qarşı mübarizə idi" müddəası ilə razılaşmaq qeyri-mümkündür. Bu müəllif onu da qeyd edir ki, əgər XVI əsr üçün bu müddəanı qəbul etmək mümkündürsə, XVII əsr üçün ön planda yalnız iqtisadi amil ola bilər. O, daha sonra qeyd edir ki, "doğrudur, Hindistana yeni dəniz yolunun açılmasından sonra İranın Asiya bazarlarında mərkəz rolunu oynaya bilməməsinə baxmayaraq, bu ölkə Avropa tacirləri üçün iqtisadi əhəmiyyətini itirməmişdi. Avropalı tacirlər qiymətli İran və Azərbaycan ipəyinin idxalında maraqlı idilər" (206, 129-130). XVII əsrdə Aralıq dənizi artıq beynəlxalq ticarətin mərkəzi mövqeyini itirmişdi; yeni dəniz yolunun açılması ilə Şərq məhsulları yeni yollarla daşınmağa başlandı və Suriyanın, Misirin dənizsahili şəhərləri qərbi başlıca olaraq Levant əmtəələri ilə təchiz edirdilər. Bütün bunlara baxmayaraq, bu tənəzzül qeyd edilən səviyyədə deyildi; yalnız XVII əsrin ortalarında Hindistan məhsullarının Hələbə və Qahirəyə axını dayandırıldı, lakin Smirna və Hələb limanları hələ də İran və Azərbaycan əmtəələri üçün başlıca bazarlar idilər. Buna görə də E.S.Zevakin Massona istinad edərək yazır ki, "XVII əsrin ortalarında Smirnada, Konstantinopolda (İstanbulda-D.Ə.) və İsgəndəriyyədə ingilis şirkətlərinin fəaliyyəti Hindistanla ticarətdən az əhəmiyyətli deyildi. Levantdakı ticarət isə hollandlar üçün Hindistanla ticarətə bərabər idi" (206, 129-130). Bu isə sübut edir ki, İranla və Azərbaycanla iqtisadi əlaqələr bəzi Avropa dövlətləri üçün ümdə məsələ idi. Bu dövlətlər sırasına İngiltərə, Hollandiya və Fransa daxil idilər. Digər Avropa dövlətləri üçün isə Azərbaycan Osmanlı imperiyasına qarşı siyasi məqsədlər baxımından daha vacib idi. Bu dövlətlərin sırasına Portuqaliya krallığı, İspaniya, Papalıq, Habsburqlar imperiyası daxil idilər.

Beləliklə, XV əsrin sonlarında-XVI əsrin əvvəllərində okean ticarətinin yaranması beynəlxalq əlaqələrdə Azərbaycanı həm iqtisadi, həm də siyasi cəhətdən önə çıxardı. Okean ticarətindən kənarda qalmış Avropa dövlətləri Azərbaycanla əlaqələr hesabına özlərinin iqtisadi maraqlarını təmin etməyə, Hindistana çıxışa nail olmağa, okean ticarətində ilkin olaraq inhisarçılığı ələ keçirmiş Avropa dövlətləri isə Azərbaycanla siyasi əlaqələr qurub onunla birgə özlərinin ən güclü rəqibi olan Osmanlı imperiyasına qarşı çıxış etməyə çalışırdılırar. Azərbaycanın maraqları da onların maraqları ilə üst-üstə düşürdü. XVI əsrin əvvəllərində Portuqaliyanın Hind okeanında ekspansiyası Asiya miqyaslı ticarətin quruluşuna ciddi təsir göstərə bilmədi. Hətta XV əsrin sonlarında Afrikanı əhatə etməklə Hindistana gedən ticarət yolunun avropalılara məlum olması Osmanlı ərazilərindən keçməklə Levanta istiqamətlənən tranzit ticarətinin əhəmiyyətini azalda bilmədi. Hindistana dəniz yolunun avropalılar tərəfindən mənimsənilməsi az sonra müsəlman dövlətlərinin maraqlarına ciddi təsir göstərdi. Məhz həmin dövrdən etibarən özündə lazımi qüvvə olduğunu hiss edən Avropa kapitalizmi İslam dünyasını özünün fəal müsətəmləkəçilik ekspansiyasına, təşəkkül tapan kapitalist dünya sisteminin ucqarına çevirdi. Bu təhlükəni Osmanlı imperiyasının hakim dairələri hiss edirdilər. Lakin onlar həmin təhlükənin gələcəyini, müsəlman dövlətləri üçün meydana çıxaracağı tarixi nəticələri irəlicədən dərk edə bilmədilər. Sonrakı tarixi hadisələr sübut edir ki, Osmanlı sultanları yeni siyasi məqsədlərini məhz bu dövrdən müəyyən etməyə başladılar. Bu siyasətin mərkəzində isə cənub dənizlərinə çıxışı əldə etmək, Osmanlı imperiyasını nəinki dünya quru ticarət yollarına nəzarət edən, eyni zamanda dəniz imperiyasına çevirmək məqsədləri dayanırdı. Sultanların əsas məqsədi okean sahillərindəki bütün liamanlara sahib olmaq, həmin limanları Avropa dövlətlərinin işğallarından qorumaq və nəticədə beynəlxalq ticarətdə dövrün mövcud vəziyyətini saxlamaq idi. Bu nəhəng planın həyata keçirilməsi yolunda Osmanlı hökmdarlarının


:

2014
2014 -> Sumqayit döVLƏt universiteti
2014 -> Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə
2014 -> «xalqların psixologiyası»
2014 -> Romatizmal Hastalıklarda Anamnez ve Fizik Muayene
2014 -> Yeni tanı almış hastada ilk danışmanlık, anamnez, muayene ve laboratuar testleri
2014 -> 1. Uzupełnij schemat. (0-2) Wyjaśnij pojęcia: (0-4)
2014 -> Qrup halında törənən cinayətlərdə təqsirli şəxslərəd iradi və davranış pozuntularının məhkəmə psixiatrik qiymətləndirilməsi
2014 -> “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ikkimartaustidanuloqtirib.html

ikkinchi-bob-xulosasi--.html

ikkinchi-bosqich--.html

ikkinchi-jahon-urushi.html

ikkinchi-qism---t--vesos.html