©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

Iii фясил ДраматурЭийасынын юзцнЯмЯхсуслуьу «Интизар»ла башланан йол - бет 4

Cənubi Azərbaycanda başlanmış milli azadlıq hərəkatında əhalinin müxtəlif təbəqələrinin iştirak etməsi real, tarixi bir faktdır. İ.Əfəndiyev də bu həyat həqiqətinə əsaslanaraq əsərdə milyonçu Hacı Fərhad surətini yaratmışdır. Qaçaqçılıqdan milyonlar sahibi olana qədər çox mürəkkəb həyat yolu keçmiş, «biz azadlıq istəyirik! Azər­baycan xalqı cəsurdur, mərddir! Onun ən əziz arzusu həmişə azadlıq olmuşdur» - deyən Hacı Fərhad silah götürüb in­qilabçılara qoşulur, onlara kömək edir, lakin xaincəsinə öldürülür.

Müəllif, geniş imkanlara malik olan Hacı Fərhadı bir bədii obraz kimi tamamilə yeni planda işləmişdir. Onu şablonlaşmış «mülkədardır» -deməli «xalqın düş­mə­nidir» sxemindən çıxarmış yazıçı, Hacını inqilaba sədaqətli, xalqın halına acıyan maraqlı bir obraz kimi oxucuya təqdim etmişdir. Şahla qohum olmasına, qızını Mübarək Səltənəyə verməsinə baxmayaraq, qəlbən inqilab tərəfdarıdır. Milli hökuməti ürəkdən sevən Hacı Fərhad müəllifin təqdimatında heç nədən qorxmayan, əqidəsindən dönməyən, «xalqla olan və həmişə onunla olacaq» mərd və yenilməz bir obrazdır.

«Şeyx Xiyabani» pyesində yadda qalan mürəkkəb qadın obrazlarından biri də Hacı Fərhadın qızı Gülruxdur. Yazıçının yaratdığı xarakterik qadın obrazları silsiləsinə daxil olan Gülrux şahzadə Mübarək Səltənənin arvadıdır. Uşaqlıqda yoxsul həyat keçirmiş, evdə yeganə övlad olduğundan, oğlan kimi tərbiyə almış, həyatın min bir əzabı ilə qarşılaşan Gülruxun «bəxti açılmış» , ərə getdikdən sonra var-dövlət sahibi olmuşdur. O, ərini ürəkdən sevir və ona sadiqdir.

Yazıçı göstərir ki, Gülrux ziddiyyətli saray mühitində özünün milli vüqarını, ata evində aldığı tərbiyənin saflığını mühafizə edib saxlaya bilmiş, yaltaqlar, yalançılar, ikiüzlülər yuvası olan Mübarək Səltənənin evində böhtan və xəyanətlərdən özünü qoruya bilmişdir. Lakin atasının öldürüldüyünü eşidən Gülrux, qeyrətli övlad kimi, ərini güllə ili vurub atasının intiqamını alır, gələcək taleyini inqilabçılarla bağlayır: «Mənim ərim olan bu şahzadə vali dünyanın ən alçaq, ən ikiüzlü adamı idi. O sizi də, azəriləri də, farsları da aldadırdı. Heyf ki, mən bunu gec başa düşdüm».

Əsərdəki ideyanın açılmasında həlledici rol oynamayan, lakin orada irəli sürülən mətləblərin oxuculara çatdırılmasında az da olsa xidməti olan, «bu dünyada vətənin azadlığından gözəl heç nə yoxdur... Öz milli hökumətimiz qurulduğu bir-neçə ayda özümü bir azad quş kimi hesab edirəm» sevinci ilə yaşayan gənc qız Səhər, Səttarxanın tüfəngini mühafizə edib onu Şeyx Xiyabaniyə verən və Misri qılıncı yada salan qoca, inqilab düşmənlərini qızışdırıb, onları Xiyabaniyə qarşı qaldıran hiyləgər ingilis mayoru Edmund epizodik obrazlar olsalar da yadda qalandılar.

Üz-üzə duran qüvvələrin qeyri-bərabərliyi, mürəkkəb tarixi dövr, mübarizədə iştirak edənlərin inam və əqidə müxtəlifliyi şəraitində həyata keçirilən inqilabda Şeyx Xiyabani məğlub olsa da arzu və əməlləri xalqın ürəyində yaşayır. Əsər faciə ilə yekunlaşırsa da pyes nikbin ruhdadır.Azadlığın dadını görmüş xalqın milli şüuru yüksəlmiş, onda gələcəyə böyük inam yaranmışdır. Əsərin finalında yazıçının əlavə etdiyi bir detal Səttarxanın tüfənginin əldən-ələ ötürülməsi yaxşı tapılmış və simvolik xarakter daşıyır. Eyni zamanda, Sarı Mərdanın Xiyabanidən sonra mübarizəyə rəhbərlik etməsi, inqilabçıları son qəti vuruşlara çağırması da yaxşı düşünülmüş mə‘nalı bir cizgidir ki, bu da mübarizənin bitmədiyindən, ciddi döyüşlərin irəlidə olduğundan xəbər verir. Bu mə‘nada «Şeyx Xiyabani» pyesi tarixi şəxsiyyətlərin bədii ədəbiyyatda in‘ikası baxımından yazıçının mühüm nailiyyəti hesab edilə bilər.

Yazıçının həyat təcrübəsi artdıqca, qələminin kəsəri çoxaldıqca müraciət etdiyi mövzuların coğrafi əhatəsi də genişlənir. O, bir vətəndaş, Azərbaycan xalqının ləyaqətli oğlu kimi xalqının keçdiyi mübarizə yollarına yenidən nəzər salır, vaxtilə durğunluq dövrünün qadağaları, imperiyanın sərt qanunları ilə əlaqədar olaraq açıq deyə bilmədiyi bir sıra mövzuları 90-cı illərdə yazdığı əsərlər vasitəsilə oxuculara çatdırmışdır. 10-15 il bundan əvvəl yazılması mümkün olmayan, yasaq edilmiş problemləri yazıçı indi tədqiq edib ortaya çıxarırdı. İkiyə parçalanmış vətən torpağı, ilk milli demokratik dövlətimiz, 30-cu illərin repressiya faciələri, mühacirətdə yaşayan soydaşlarımızın acı taleyi, XIX əsrdən indiyədək davam edən rus əsarəti və s. «yaralı» mövzulara yalnız indi müraciət etmək mümkün olmuşdur. Düzdür, yazıçı elə o vaxtlarda da bu mövzulardan tamamilə yan keçməmişdir; müxtəlif illərdə qələmə aldığı «Apardı sellər Saranı», «Qarı dağı», «Xəncər», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər» və s. əsərlərində bə‘zən dolayı, bə‘zən də birbaşa sözünü deməyə çalışmış, ürəyini az da olsa boşalda bilmişdi. Dramaturq o dövrün qadağalarından söhbət açarkən qeyd edir ki, ağızlar kimi ürəklər də qapanmışdı. Səni bir yazıçı kimi narahat edən mövzular, oxucuya təqdim etmək istədiyin ideyalar ürəklə dil arasında qalırdı.

Lakin son illərdə ictimai həyatımızda baş verən dəyişiliklər vaxtilə yasaq olunmuş mövzuları işıqlandırmağa müəyyən imkan vermişdir. İ.Əfəndiyevin həyatının son illərində qələmə aldığı «Natəvan», «Şeyx Xiyabani», «Sev­gililərin cəhənnəmdə vüsalı», «Tənha iydə ağacı», «Dəli­lər və ağıllılar», «Hökmdar və qızı» bu qəbildən olan əsərlərdəndir.

Mə‘lumdur ki, İ.Əfəndiyev repressiyanın ən qızğın illərində bədii yaradıcılığa başlamışdır. Bu o dövr idi ki, hər hansı bir sənətkar, tanınmış bir ziyalı adi sözə, qeyri-dəqiq addıma görə «xalq düşməni» adı ilə güllələnə bilərdi. Digər tərəfdən, ədib hələ gənc yaşlarında repressiyanın acı nəticələrini dadmış, valideynləri «kulak» adlandırılaraq var-dövləti, mülkü əlindən alınmış, səs hüququndan məhrum edilmiş, yazıçı özü oxuduğu institutdan çıxarılmışdı. Repressiyanın nəticələri yalnız 37-38-ci illərlə məhdudlaşmamış, onun qorxusu, vahiməsi sonrakı on illərdə də davam etmişdir.

«Sevgililərin cəhənəmdə vüsalı» say e‘tibarilə dramaturqun on altıncı pyesi, ilk faciəsidir. Yazıçı burada tarixi faktlara müraciət etmiş, Azərbaycan xalqının tarixində faciəli dövr olan 37-38-ci illərin dəhşətlərindən, xalqın başına gələn «oyunlardan» söhbət açmış, tarixi hadisələrlə, bədii lövhələrlə və dolğun obrazlarla zəngin olan gözəl əsər yaratmışdır. Yazıçı qeyd edir ki, o illərin ən böyük dəhşəti öldürülən minlərlə yazıçı, şair, alim, fəhlə, aktyor, dövlət xadimi deyildi. Bundan daha dəhşətlisi güllələnmiş və sürgün olunmuş «xalq düşmən»­lərinin günahsız övladlarından, cavan nəvələrdən, körpə nəticələrdən tamamilə imtina edilməsi, üz döndərilməsi idi. Digər tərəfdən, sağ qalmış qoca da, cavan da dəhşət içərisində yaşayır, bacı qardaşdan, oğul anadan, qonşular bir-birindən qorxurdular; Heç kəs öz fikrini sərbəst söyləyə bilmirdi. Hətta qardaş-qardaşla açıq qəlblə danışa bilmirdi. Hamı bir-birindən şübhələnir, dost dostun adicə bir sözündən xoflanırdı.

Xalqın başı üzərində bir vahimə hakim idi. İnsanları manqurtlaşdıran bu cəmiyyət Stalin, Beriya və Bağırov üçlüyü tərəfindən idarə edilirdi. Onların yaratdıqları bu əxlaq, həmin illərin müdhiş psixologiyası daha faciəli və dəhşətli idi. Bütün bunlar həmin faciə vasitəsilə oxuculara təqdim edilmişdir.

Əsərin bədii gücü bir də ondadır ki, pyes insanlara qüvvətli tə‘sir etməklə bərabər, onları düşünməyə vadar edir, o illərin faciələrini yada salır. Axı, bütün bu dəhşətli cəza sistemi də, iyrənc qanunlar da, bu qanunların qol- qanad açmasına imkan verən ictimai qurluş da insan­lar tərəfindən yaradılmışdır. Bəs necə etməli ki, belə haqsızlıqlar, dəhşətli münasibətlər bir də təkrar olunmasın?! Əsərdən çıxan məntiqi nəticə vurulan həyəcan təbili də bunu deyir.

Əsər tarixi mövzuda yazılsa da burada lirik-psixo­loji səpgidə işlənmişdir, insan mə‘nəviyyatından, ülvi hisslərdən, adamların eybəcər əməl və hərəkətlərindən, mərd və dönməz ziyalıların saf əməllərindən və yenilməzliyindən söhbət açılır; bütün bunlar oxucuda belə bir inam yaradır ki, bəşəriyyət gələcəkdə bir də belə dəhşətlərə yol verməyəcək!

Dramaturq faciə vasitəsilə gözümüz qarşısında o illəri canlandırır, səhnə fədaisi Abbas Mirzə Şərifzadə yada düşür, haqsızlığın qurbanı olmuş H.Cavid, M.Müşfiq, Ə.Cavad və minlərlə oğul və qızlarımız bizi daha ciddi və diqqətli olmağa çağırırlar. Sanki biz əsərdəki obrazlarla bərabər, dəniz kənarındakı «idarənin» otaqlarını addım-addım gəzir, orada verilən ədalətsiz hökmləri eşidir, nahaqdan güllələnən yenilməz qəhrəmanların tunc heykəlləri ilə rastlaşırıq.

Yazıçı ümumi hadisələrin axarında təsvir edir ki, görkəmli aktyor Ayaz Turan səhnədə yaratdığı gözəl obrazları ilə tamaşaçıların hörmətini qazanmışdır, xalq tərəfindən alqışlarla qarşılanır. O sevgilisi Xumarla evlənməyi qərara almışdır. Toyu tə‘xirə salmaq istəmir. Lakin qızın dayısı, daxili işlər komissarı Səlim Babayev bunun əleyhinədir. Toy günü Ayaz Turan həbs edilib sevimli sənətindən, təmiz ülvi məhəbbətindən ayrılır, cəhənnəmin küncünə - həbsxanaya atılır. Ayaz Turanın «günahı» o idi ki, aktyor gənc bir dramaturqun əsərində sinfi düşmənin rolunu oynamaqdan imtina etmişdir. Bu isə guya Ayazın sovet hökumətini sevmədiyinə dəlalət edirmiş. O, həbsxanada bir sıra günahsız adamlarla, təmiz vicdanlı ziyalı, dövlət xadimi, fəhlə və b. rastlaşır.

Qaniçən cəllad Bağırovun hökmü ilə Mais Ayaz Turanı güllələməli, onun nişanlısı Xumarla evlənməlidir. Mais Xumara eşq e‘lan edir. Başqa bir çıxış yolu tapmayan Xumar iki şərtlə buna razı olur: Ayazın güllələnməsi sür­gün­lə əvəz olunsun və onunla son dəfə görüşüb vidalaşmağa ica­zə verilsin. Xumar həbsxanada Ayazla görüşür, görüş qur­­taran kimi onun güllələnməsinə əmr verilir. Xumar na­mu­sunun ləkələnməsinə yol vermir, zəhər içib özünü öl­dü­rür. Beləliklə də sevgililər cəhənnəmdə vüsala yetişir­lər.

Faciədə yazıçı ideallarının daşıyıcısı olan Ayaz və Xumarla bərabər, Məmməd Cuvarlı, Bağırov, Səlim Babayev, Cabbar, Mədinə kimi dolğun və yadda qalan surətlər də vardır. Müxtəlif xarakterə və əqidəyə malik olan bu surətlər dramatik konfliktin ayrı-ayrı qütblərində mübarizə aparan bədii obraz kimi yaddaqalandırlar.

Məmməd Cuvarlı cəsurluq və qorxmazlıq timsalı kimi təsvir edilir, ölümlə üz-üzə gələndə belə haqsızlığa qarşı mübarizəni davam etdirir. Qəddarlığı və amansızlığı ilə fərqlənən, insanlara işgəncə verməkdən ləzzət alan daxili işlər komissarı Səlim Babayevdən fərqli olaraq, onun arvadı Mədinə xanım yüksək mədəniyyətə malik ağıllı bir qadındır, ərinin qəddarlığına dözə bilmir. Evində özünü yad hesab edən bu alicənab qadın ərinin alçaqlığını üzünə deməkdən çəkinmir. Xumara böyük rəğbət bəsləyir, Ayazın sənətini ürəkdən sevir, lakin onun günahsız olduğunu ərinə sübut edə bilmir. Bağırovun dəyirmanına su tökən Səlim öz arvadının qatilinə çevrilir.

Əsərdə böyük müvəffəqiyyətlə yaradılmış obrazlardan biri də Cabbardır. O, cəllad təbiətli, insanlığı əlin­­dən alınmış. manqurtlaşdırılaraq ləyaqətsiz bir hala salınmış eybəcər bir məxluqdur.

Respublikanın mədəni həyatında mühüm bir hadisə kimi qiymətləndirilmiş «Sevgililərin cəhənnəmdə vüsalı» pyesində yazıçı bir daha sübut edir ki, xalqımızın günahsız, mərd və yenilməz oğul və qızları əyilmədiklərinə, satqınlıq və ikiüzlülük etmədiklərinə görə həlak olmuşlar.

Pyes lirik-psixoloji səpgidə yazılmışsa da, ictimai-siyasi xarakter daşıyır, oxucularda, tamaşaçılarda xəlqilik, mərdlik, yenilməzlik hissləri aşılayır. 37-38-ci illərin tarixi hadisələrinin real təsvirini verməklə, həm də İ.Əfəndiyev kimi dramaturqun müasir düşüncələrini də əks etdirir.

Ustad sənətkarın «Tənha iydə ağacı» pyesi də vaxtı ilə qadağan olunmuş mövzulardan birinə - qürbətdə yaşayan soydaşlarımızın acı taleyinə, vətən həsrəti probleminə həsr edilmişdir. İ.Əfəndiyev yazır: «Adətən bir şeydən kədərlənəndə, mə‘yus olanda dram janrına müraciət edirəm. Yadımdadır, uşaqlarla Zağulbada dincəlirdim. Qarşımızdakı bağda bir iydə ağacı var idi. Mənim ona çox tamaşa etdiyimi görən Elçin soruşdu ki, nə çox baxırsan, yoxsa hekayə yazırsan? Yox, dedim, pyes yazıram. Elə bildi zarafat edirəm. Əslində isə mən, doğrudan da gələcək pyesim barədə düşünürdüm. «Tənha iydə ağacı» belə dünyaya gəldi».69

İydə ağacı obrazı rəmzi mə‘na daşıyır, vətən həsrətini ifadə edir. Vaxtilə Kərim bəyin ata yurdunda əkdiyi iydə ağacı tənha qalmışdır. Yazıçı göstərir ki, bolşevik rejimi təkcə adamlara deyil, ağaclara da, bağlara da divan tutub. Tənhalıq isə təkcə insanlar üçün deyil, ağaclar üçün də faciədir.

Pyes ilk milli dövlətimizin - Azərbaycan Demokratik Respublikasının banisi, xalqımızın böyük mütəfəkkir oğlu, görkəmli ziyalı M.Ə.Rəsulzadənin həyatına həsr edil­mişdir. Pyesdə ön plana çəkilən əsas məsələ və ideya tor­pağımızın bütövlüyü, vətən, dil, məslək birliyi bu gün üçün də çox aktualdır.

Əsərdə vətənindən, yurdundan didərgin düşmüş minlərlə insanın acı taleyi, faciəsi sənətkarlıqda ümumiləşdirilmişdir. Dramaturq yaralı Qarabağın ağır dərdindən söhbət açır, füsünkar Qarabağın bədii obrazını yaratmağa çalışır. Şuşa qalası, İsa bulağı, Topxana meşəsi gözlərimiz qarşısında canlanır. Bərəkətli Qarabağ torpağının nadir gözəlliyinin, gül-çiçəyinin, tarixi abidələrinin böyük ilhamla təsviri oxucuları kövrəldir.

Əsərin əsas ideyası iki qoca - Kərim bəy və Behbud bəy vasitəsilə oxuculara çatdırılır. Orta məktəbi bir yerdə oxumuş bu müdrik insanlar, xalqımızın son 70 illik faciəli tarixinin canlı salnaməsidir. Əlli illik ayrılıqdan sonra görüşən bu dostlar keçmişi yada salırlar. Kərim bəy yarım əsrdən çoxdur ki, vətənindən didərgin düşərək Türkiyəyə pənah aparmışdır. Bu müddət ərzində o, çox şey qazanıb, var-dövlət yığıb, ailə sahibi olub, övladlarını böyüdüb, bir sözlə orada xoşbəxt həyat sürür. Lakin vətən həsrəti, torpaq dərdi sinəsində sağalmaz yaralar açıb.

Əsərin əsas obrazlarından biri də Behbud bəydir. O, Kərim bəydən fərqli olaraq vətənində yaşayıb, ad-san qazanıb. Lakin sovet hakimiyyəti illərində onun da başına çox oyunlar açılıb. Kərim bəyin qürbətdə çəkdiyi iztirabları, o, vətənində çəkib. Tarix elmi sahəsində çalışan professor indi başa düşür ki, vaxtı ilə yazdığı əsərlərin çoxunda fakt və hadisələri saxtalaşdırıb. Stalin dövrünün haqsızlıqlarını düzgün izah etməyib, xalqı aldadıb. Səhv etdiyini dərk edən Behbud bəy böyük peşimançılıq çəkir. «Kitablarım kimi, özüm də məhv olunmalıyam»- deyir. Bu iki dostun biri vətənini itirib, o biri isə bütün mə‘nəviy­yatı­nı itirib saxta ideologiyanın qurbanı olub. Hər ikisinin xoşbəxtliyi əllərindən alınıb, ona görə də bədbəxtdirlər və onlar sanki bir-birini tamamlayırlar. «Əgər bu iki dünyagörmüş kişi surətlərindən biri olmasaydı digəri yarımçıq və birtərəfli görünərdi. Bunlar haradasa bir-birini tamamlayan, zənginləşdirən və xalqın təfəkkür tərzini biri xaricdə, digəri isə doğma yurdunda əks etdirən müdrik qocalardır».70 Hər iki obrazın faciəsində oxşarlıq olsa da müəllif onların özünəməxsus fərdi cəhətlərini müvəffəqiyyətlə təsvir etmişdir.

İ.Əfəndiyevin istər nəsr, istərsə də dramaturji yaradıcılığının məhsulu olan elə bir əsər göstərmək olmaz ki, orada gənclik az da olsa özünə yer tapmamış olsun. Bu əsərdə də gənclər yazıçı qayəsinin , istək və arzularının daşıyıcıları kimi diqqəti cəlb edir.

«Tənha iydə ağacı»nda verilmiş üç bacı obrazı sanki əsərə gənclik təravəti gətirir. Bunlar Sürəyya, Gülnar və Kəklikdir. Azərbaycan qadınına xas olan e‘tibar, vəfa, sədaqət kimi təmiz insani keyfiyyətlər bu qızlarda cəmləşmişdir. Sürəyya doktor Altayla, Gülnar isə Eyvazla xoşbəxt yaşayırlar. Hər iki bacı ataları Kərim bəyin dəfələrlə xatırlayıb yad etdiyi Qarabağın, Azərbaycan torpağının ətrini ərlərindən alırlar. Sürəyyanın «birinci dəfə gör­düyüm o yerlər, o qalın meşələr nə üçün mənə o qədər doğma, o qədər tanış görünür?» - sualına Kərim bəy belə cavab verir: - «Çünki sənin atanın, babalarının qanı o yerlərin havasından, suyundan, torpağından yaranmışdır». Gülnar yenicə ailə qurduğu əri Eyvaza deyir ki, səni görəndə nədənsə atamın qabaqlar haqqında danışdığı Qarabağın mərd, ləyaqətli igidləri yadıma düşür. Sevgidə vəfa, e‘tibar, sədaqət kimi keyfiyyətləri qaş-daşdan, var-dövlətdən qat-qat üstün tutan Gülnar milyonları ilə öyünən Ağayi Əşrəfinin təklifini rədd edir, öz xoşbəxtliyini Eyvazda tapdığına şübhə etmir.

İ.Əfəndiyevin yaratdığı müxtəlif obrazlar, o cümlədən milli ləyaqətini itirmiş, milyonları ilə lovğalanan, cavan qızları pul gücünə ələ keçirən xalça alverçisi Ağayi Əşrəfi, təbii boyalarla təsvir edilmiş Kəklik, öz xanım-xatınlığı, gözəlliyi və mə‘rifətilə fərqlənən Xanbikə xanım dolğun bədii surətlər olub, əsərdəki hadisələrin açılmasında mühüm rol oynayırlar.

Pyesdə yadda qalan, faciəli həyat yolu keçmiş Xanbikə də vətənin həsrətini çəkir. O, Azərbaycana səyahət edib qayıdan Sürəyyanı bağrına basıb deyir: «Səndən vətən güllərinin ətri gəlir, qızım». Yazıçı bircə bü cümlə ilə Xanbikənin xarakterini açmağa nail olmuşdur. Lakin qızları ilə söhbətində onun faciəli həyatının səhifələri tam açılır: ata-anası Arazı keçərkən əsgərlər tərəfindən öldürülmüş, Xanbikə ərə gedərək Arazın o biri tayında qalmışdır.

Əsərdə təsvir olunan Sürəyya-Altay, Gülnar-Eyvaz məhəbbət xəttləri pyesə lirik ovqat, xoş əhval-ruhiyyə gətirir. Dramaturq maraqlı dialoqlar vasitəsilə, təbii təsvirlərlə ayrı-ayrı obrazları oxucuya təqdim edir, gurultulu ifadələrə, artıq cümlə və sözlərə yol vermir, obrazın bədii surətini yaradarkən müxtəlif rənglərdən bacarıqla istifadə edir, hər kəsi öz dilində danışdırır, obrazların xarakterini açmaq üçün fərdi cizgilər axtarır və biz iste‘dadlı yazıçının bədii personaj yaratmaq qabiliyyətinə heyran qalırıq.

İ.Əfəndiyevin canlı obraz, bədii tip yarada bilmək bacarığı bu pyesində də aydın şəkildə özünü büruzə verir. Əsərin əksər obrazları olduqca canlı və inandırıcıdır. Onların heç biri digərinə bənzəmir, hər birinin öz həyat yolu, taleyi olduğu kimi fərdi-psixoloji cəhətləri, orijinallığı və təbii keyfiyyətləri vardır. İlk baxışda Kərim bəylə Behbud bəydə oxşar cəhətlər gözə çarpır. Lakin onlardakı fərdi cizgilər oxşar keyfiyyətləri üstələyir.

Sosializm cəmiyyətinin mövcud olduğu 70 illik bir dövrdə insanlara bərabərlik, azadlıq, xoş güzəranlı gələcək və‘d etmiş, lakin onların heç birini yerinə yetirməmiş, ayrı-ayrı adamlar da, bütünlükdə cəmiyyət də aldadılmışdır. Belə bir quruluş təkcə iqtisadiyyatda və təsərrüfatın müxtəlif sahələrində deyil, eyni zamanda insan mə‘nəviyyatında dı pozğunluq və hərc-mərclik yaratmış, insanlarda inam və əqidəni yox etmiş, cəmiyyəti acınacaqlı bir vəziyyətə salmışdır. Xoşbəxt həyat, firavan kommunizm cəmiyyəti quran adamlarda isə yaltaqlıq, əliəyrilik, ikiüzlülük, rüşvətxorluq kimi sifətlər aşılanmışdır.

Həmişə zamanın nəbzini tutmağa çalışan və əksər hallarda buna böyük ustalıqla nail olan dramaturq «Ağıllılar və dəlilər» pyesində yuxarıda göstərilən problemləri bədii şəkildə işıqlandırmışdır. Əsər 1992-ci ildə Milli Teatrın səhnəsində oynanılmışdır. 70 illik bir yol keçmiş sosializm quruluşunun «üstünlükləri», bu cəmiyyəti idarə edən «ağıllı» rəhbərlərin «qabiliyyəti», onların insan mə‘nəviyyatına vurduğu ziyan, kommunizm qurucularını eybəcərləşdirən, əksər hallarda onları manqurtlaşdıran sosializm mexanizminin «sirləri» müəllif tərəfindən tədricən açılaraq oxuculara təqdim olunur.

Bu dəfə dramatik komediya janrına müraciət edən İ.Əfəndiyev, hər cür iyrənc yollarla var-dövlət əldə etməyin üsullarını, harınlama epidemiyasına tutulanların faciəsini, mə‘nəviyyatsızlıq bataqlığına yuvarlananların acı taleyini təsvir edərkən, insanlara xas olan digər mən­fi keyfiyyətləri qamçılayarkən - bütün bunları o, sosialist cəmiyyətini öz üzvlərinə verdiyi yalançı və‘dlərin nəticəsi, məhsulu kimi qiymətləndirir. Bu faciələri böyük ustalıqla qələmə alan müəllif surətlərin birinin diliylə deyir ki, «Yetmiş ildir «ağıllılar» günümüzü-güzə­ranı­mı­zı, «xoşbəxt» dünyamızı bu günə qoyublar. Görək hakimiyyətə təzə gələn «dəlilər» nə edəcək?»

Sosializm cəmiyyətinin insan mə‘nəviyyatına tə‘si­ri­ni, zəmanəmizin ab-havasını, dərd-sərini düzgün dərk edən və onları bədii boyalarla işıqlandıran dramaturq, ayrı-ayrı fərdlərin, həyatın enişli-yoxuşlu yollarında dəyi­şə­rək eybəcərləşən, getdikcə cılızlaşan, namusunu, ailəsini vəzifəyə qurban verən, pul və vəzifə hərisi Ədhəm Tağıyev kimi tiplərin timsalında ifşa etmişdir.

Maraqlı və məzmunlu dialoq və monoloqları ilə öz xarakterlərini açan Ağamusa, Şahmar, Nazilə və başqa obrazlar yazıçı fantaziyasının məhsulu olsalar da, «göy­dəndüşmə» deyillər, hər gün gördüyümüz, qarşılaşdığımız, həyatada prototipləri olan surətlərdir.

İste‘dadlı teatrşünas, görkəmli rejissor Mehdi Məm­mədov dram əsərlərində dialoqun əhəmiyyətindən danı­şarkən demişdir: «Səhnə əsərində əsas danışıq forması dialoqdur. Dialoq qarşılıqlı anlaşma, tə‘sir və təlqin vasitəsidir. Buna görə dialoqda dərin məntiq olmalıdır... Bir yığın gəlişigözəl, bə‘zən də təsadüfi sözləri iştirakçıların arasında bölüşdürüb, onları növbə ilə danışdırmaq dialoq hesab edilə bilməz».71

Dramaturqun qarşısında qoyulan həmin tələbləri yaxşı başa düşən İ.Əfəndiyev pyesin ümumi arxitektonikasını quranda da, iştirak edənlərin sayını tə‘yin edəndə də obrazları bir-birilə qarşılaşdıranda da bu tələblərə tam cavab verməyə çalışır, hər sözü, hər cümləni dəfələrlə ölçüb biçdikdən sonra obraza onu tələffüz etmək hüququ verir. Yazıçı dram əsərinin bədii mətnində, dialoqlarda artıq sözə, ifadəyə yer vermir. Biz bunu «Dəlilər və ağıllılar»da da , son dram əsəri olan «Hökmdar və qızı» faciəsində də aydınca görürük.

Altmış ildən çox davam edən məhsuldar yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev ömrünün son illərində, bir tərəfdən Vətənimizin cənnət guşəsi olan Qarabağ torpağı uğrunda axıdılan qanları, həlak olan qəhrəmanları öz gözləri ilə görmüş, digər tərəfdən xalqımızın azadlığa çıx­ma­sının və dövlət müstəqilliyimizin şahidi olmuşdur. Müd­rik sənətkar uzun illərdən bəri bu əvəzsiz ne‘mətlərin əldə edilməsini səbrsizliklə gözləmişdir. Bu qələbəni böyük sevinclə qarşılayan qocaman ədibin xidmətlərindən biri də ondan ibarətdir ki, vətənimizin birliyi və müstəqil­liyi uğrunda vuruşmuş və bu yolda canını fəda etmiş qəh­rəmanların mübarizəsini ilhamla təsvir etmiş, onların parlaq obrazlarını yaratmışdır. Belə surətlərdən biri də «Hökmdar və qızı» faciəsinin qəhrəmanı İbrahim xandır.

Əsər 1990-cı il 20 yanvar faciəsinin günahsız qurbanlarına ithaf edilmişdir. Tarixi faktlar əsasında yazılmış bu faciə XIX əsrin əvvəllərində Qarabağda hökmdarlıq etmiş İbrahim xanın Həyat və fəaliyyətinə , Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrundakı mübarizəsinə həsr olunmuşdur. Bundan əlavə, əsərdə başqa ərazilərdən köçürülərək torpaqlarımızda yerləşdirilən ermənilərə havadar çıxan çar Rusiyasının ayrı-ayrı dövrlərdə xalqımıza etdiyi xəyanətlərə, 90-cı illərdən sonra baş vermiş ictimai-siyasi hadisələrlə səsləşən məsələlərə də rast gəlmək mümkündür. İbrahim xanın məğlub olması səbəbləri sırasında milli birlik və həmrə‘yliyin yoxluğu, vahid liderə olan böyük ehtiyac, siyasi sadəlövhlük və uzağı görə bilməmək, qüvvətli ordunun olmaması, ayrı-ayrı dəstə və qrupların müstəqil çıxışları və s. amillər dramaturq tərəfindən ciddi təhlil edilmişdir. İdeyası və məzmunu e‘ti­barilə son dərəcə müasir səslənən bu tarixi pyesdə döv­rümüz üçün ibrətamiz olan cəhətlər bədii əksini tapmış­dır. Əsərdə hasil olan məntiqi ideya və yazıçının gəldiyi əsas nəticə «Bütövlüyümüz və müstəqilliyimiz naminə birliyimizi möhkəmlətmək vacibdir» fikri, həm də qocaman dramaturqun xalqımıza son ibrətamiz vəsiyyəti, son sözü kimi səslənir.

İ.Əfəndiyev deyirdi: «Son əsərim «Hökmdar və qızı» da faciədir. Onu İbrahim xanın həyatına həsr etmişəm. Bu adamın taleyi uzun illər məni düşündürüb. Bir gecədə on səkkiz baş ailəsini ruslar qırdırıblar». Yazıçı pyesdə bir ailənin timsalında bütöv bir xalqın faciəli taleyini əks etdirə bilmişdir. Lakin tarixilik baxımından bu hadisələr yalnız bir ailənin həyatı, hökmdarın tərcümeyi-halı çərçivəsilə məhdudlaşmır. Dramaturq tariximizin keşməkeşli mərhələlərindən biri olan xanlıqların süqutundan sonra, ölkənin Şimal və Cənub kimi iki hissəyə parçalanması ərəfəsində baş vermiş ictimai-siyasi hadisələrdən söhbət açmışdır.

İ.Əfəndiyev həmin faciəni yazmaq üçün əvvəlcə tarixçi-alim, bir tədqiqatçı kimi işə başlayıb, tarixi fakt və hadisələri bədii şəkildə təsvir etməzdən əvvəl, çoxlu sənədləri saf-çürük edib, o dövrlə əlaqədar xeyli mənbələri oxuyub, nəzərdən keçirdiyi materiallardan topladığı mə‘lu­matları təxəyyülünün süzgəcindən keçirmiş və çox aktual, bugünümüzlə səsləşən, bədii cəhətdən yüksək səviyyəli bir pyes yaratmışdır.

?


ikkitauchmisralikbanddant.html

iklasskinematikjuftlik--.html

iklim-mulai-tidak-stabil-.html

iklri-drl-drl--rngbrng--10.html

iklri-drl-drl--rngbrng--5.html